SİYASƏT


Zakir Həsənov: Üçtərəfli fəaliyyətlərimiz regionda sabitliyin qorunmasına yönələn sülhməramlı mesaj kimi qiymətləndirilməlidir

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Azərbaycan, Gürcüstan və Türkiyə hərbiçilərinin iştirakı ilə keçirilən birgə təlimlər hərbi birləşmələr arasında əməliyyat uzlaşmasının əldə olunmasına yardım edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq və nəticədə regional təhlükəsizliyə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də Türkiyə və Gürcüstanın müdafiə nazirləri ilə üçtərəfli görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Üçtərəfli görüşün əhəmiyyətinə toxunan nazir bildirib ki, bu cür görüşlər ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsidir. Həm iki tərəfli, həm də üçtərəfli görüşlərdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatlarda inkişaf etdirilməsinin vacibliyi və səmərəliliyi qeyd olunub.

“Biz bu formatda münasibətlərimizin perspektivlərini də müzakirə etdik və qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq. Bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülhün və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq fəaliyyətlərin təhlükəsizliyinə birbaşa təhdid olduğunu qeyd etdik”, - deyə general-polkovnik Zakir Həsənov vurğulayıb.

Nazir bildirib ki, görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, keçirilən birgə təlimlərin təkmilləşdirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb. Həmçinin üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin zəruriliyi qeyd edilib.

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, cari ildə üç ölkə hərbçilərinin iştirakı ilə bir sıra tədbirlərin planlaşdırılaraq keçirildiyini vurğulayan Azərbaycanın müdafiə naziri deyib: “Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlıq sülh naminə tərəfdaşlığın dünyaya örnək olacaq bir nümunəsidir. Üçtərəfli fəaliyyətlərimiz regionda sabitliyin qorunmasına yönələn sülhməramlı mesaj kimi qiymətləndirilməlidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.