MƏDƏNİYYƏT
Zakir Sultanov: İşğal olunmuş ərazilərimizdəki 15 tarixi abidə pasportlaşdırılacaq
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanda 72 tarixi abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında qurumun Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
Bildirib ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.
Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində bir sıra işlərin görüldüyünü deyib. Qeyd edib ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıqkörpüdə bərpa konservasiya işləri aparılıb. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.