MƏDƏNİYYƏT
“Zamanla üz-üzə” müasir musiqi layihəsi çərçivəsində növbəti konsert proqramı
Bakı, 14 aprel, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Zamanla üz-üzə” IV müasir musiqi layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Bəyaz və qırmızı” adlı konsert proqramında Arnold Şönberqin eyniadlı əsəri, 3 hissəli “Pierrot Lunaire” (“Aylı Pyero”), Edison Denisovun “Gerard de Nervalın dörd şeiri”, “La vie en rouge” (“Al boyada həyat”) əsərləri ifa edilib.
İlk dəfə 2007-2008-ci illər konsert mövsümündə reallaşdırılan “Zamanla üz-üzə” layihəsinin məqsədi Azərbaycan musiqisevərlərinə indiyədək tanış olmayan, ölkəmizin konsert salonlarında səsləndirilməmiş əsasən avanqard üslublu əsərləri təqdim etməkdir. Layihənin bədii rəhbəri tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayev, baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir. Solist isə yenə Əməkdar artist Fəridə Məmmədova olub. Əsərlər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səslənib.
“Zamanla üz-üzə” IV musiqi layihəsinin sonuncu bahar konserti aprelin 15-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Proqramda Qustav Malerin əsərləri səslənəcək.