SİYASƏT
Zapolyaryedə Azərbaycan guşəsi
Bakı, 21 iyul (AZƏRTAC). Rusiyada Zapolyaryenin paytaxtı adlanan Murmanskda bir məkan var. Artıq xeyli vaxtdır ki, Kola yarımadasında yaşayan azərbaycanlıların haqlı olaraq daimi görüş yerinə çevrilmiş bu məkan - Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsinin ofisidir.
Burada toplaşan soydaşlarımız pürrəngi Azərbaycan çayı içə-içə söhbət edir, tarixi vətəndən alınan xəbərləri bir-biri ilə bölüşür, Azərbaycanda nəşr edilən qəzet və jurnalları vərəqləyirlər. Ən başlıcası, qəhrəman şəhər Murmanskın şimal hissəsində yerləşən Sverdlov küçəsində doğma Azərbaycandan birbaşa yayımlanan televiziya verilişlərinə baxmaq olar. Burada quraşdırılmış antena Bakının bir neçə telekanalının verilişlərini qəbul etməyə imkan verir.
Məsələn, bu yaxınlarda Bakıda keçirilmiş çox mühüm tədbirdən - Dünya azərbaycanlılarının üçüncü qurultayından reportajları burada çox diqqətlə izləyirdilər. Axı həmin qurultayda dünyanın bir sıra ölkələrini təmsil edən çoxsaylı nümayəndələr arasında Murmanskda yaşayan azərbaycanlılar da vardı.
Murmansk sakinləri olan azərbaycanlılar Prezident İlham Əliyevin qurultayda çıxışını xüsusi diqqətlə dinləyirdilər.
ÜAK-ın Murmansk bölməsinin ofisində həmin qurultaydan birbaşa translyasiyalara baxmaq üçün gələn soydaşlarımızla bərabər qonaqlar da vardı. Murmanskın Azərbaycan diasporunun üzvlərinin başqa millətlərdən olan dostları çoxdur. Milli şərq şirniyyatı ilə çay süfrəsi arxasında görüş özü də şirin keçmişdir.