REGİONLAR


“Zaqatala AGRO İndustry” üç rayonda, ümumilikdə, 636 hektar sahədə tütün əkəcək

Zaqatala, 3 may, Mustafa Dadaşov, AZƏRTAC

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Zaqatalada 264 hektar, Qaxda 347 hektar, Şəkidə 25 hektar olmaqla, ümumilikdə, 636 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə bağlı bu rayonlarda 52 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 321 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, fermerlər tərəfindən indiyədək Qaxda 163 hektar, Zaqatalada 142 hektar, Şəkidə isə 16 hektar sahəyə “Virciniya botaniki” növlü tütün şitilləri köçürülüb. Tütün istehsalçılarını şitillə təmin etmək üçün məntəqənin özündə ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Cəmiyyətin istixana təsərrüfatında yetişdirilən tütün şitilləri ilə 500 hektaradək sahəni şitillə təmin etmək mümkündür. Eyni zamanda, fermerlər öz şəxsi təsərrüfatlarında da tütün şitilləri yetişdiriblər. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan 7 ədəd şitilvuran aqreqat da gətirilib.

Hazırda Yaponiya şirkəti tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndinin ərazisində 120 ədəd tütünqurutma kamerasından ibarət yeni emal məntəqəsinin tikintisi sürətlə davam etdirilir. Tütünqurutma kameraları tütün yığımı mövsümünədək tam hazır vəziyyətdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.