MƏDƏNİYYƏT
Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən 300-dən çox sənəd Milli Arxiv İdarəsinə təhvil verilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən daimi saxlanılmaq məqsədilə 296 saxlama vahidi fotosənəd, 37 saxlama vahidi kinosənəd (video) Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a məlumat verilib ki, sənədlər Prezident İlham Əliyevin Zaqatala rayonuna etdiyi səfərlər zamanı şəhid ailələrinə tikilmiş yaşayış binalarının istifadəyə verilməsini, Heydər Əliyev Mərkəzinin açılışını, Yevlax-Balakən magistral yolunun rayonun ərazisindən keçən hissəsinin açılışını, mədəniyyət evinin, Bayraq meydanının, vergilər idarəsinin, Dədə Qorqud meydanının, uşaq bağçalarının, Baytarlıq idarəsinin, Statistika idarəsinin, Zaqatala qalasının təmirdən sonra açılışını əks etdirir.
Kino sənədlərin mövzusu əsasən son illər Zaqatala rayonunda açılan iş yerlərini, istehsal və emal sahələrində görülən işləri əhatə edir. Hazırda arxivdəki sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat bazası hazırlanır.