REGİONLAR
Zaqatala fındığının ixrac coğrafiyası genişlənir
Zaqatala, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas məşğuliyyət sahəsi və qazanc mənbələrindən biri hesab olunur. Rayonda istehsal edilən fındıq dünya bazarında keyfiyyəti ilə fərqləndiyindən ixrac potensialı da olduqca yüksəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd etdiyi kimi, fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olub. 2016-cı ildə fındıq satışı ölkəmizə 105 milyon dollar valyuta gətirib.
Fındıq ixracının bu il 120 milyon manata çatacağı proqnozlaşdırılır
AZƏRTAC xəbər verir ki, xarici bazarlarda fındığa olan yüksək tələbat, məhsulun dəyərli olması, nəqliyyata və uzun müddət saxlanılmağa davamlılıq son dövrlər Zaqatala əhalisinin bu sahəyə marağını daha da artırıb. Fındıqçılıq hazırda rayonun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan artırılaraq 17 min hektara çatdırılıb. Keçən il rayonda 8,9 min ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 13 min tona çatacağı gözlənilir. 2016-cı ildə rayonda fəaliyyət göstərən emal müəssisələri tərəfindən xarici ölkələrə 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə fındıq ixracının 120 milyon manata çatacağı proqnozlaşdırılır. Bu ilin ötən 10 ayı ərzində Zaqatalanın emal müəssisələri tərəfindən xarici ölkələrə artıq 95 milyon manat dəyərində fındıq məhsulları ixrac edilib.
Zaqatala fındığı Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər ölkələrə ixrac olunur
Hazırda rayonda fındıq emalı və ixracı ilə məşğul olan xeyli sayda müəssisə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Zaqatala şəhərindəki “Azərstar” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus fındıq emalı zavodudur.
AZƏRTAC-ın müxbiri müəssisədə olub, emal prosesi ilə maraqlanıb.
Müəssisənin direktoru İlham İsayev bildirib ki, 2006-cı ildə fəaliyyətə başlayan zavod ildə 3 min ton fındıq ləpəsi istehsal etmək gücünə malikdir. Hazırda zavodda təbii fındıq ləpəsi ilə yanaşı, qovrulmuş ləpə və fındıq unu da istehsal olunur. Fındığın qabığından isə zavodun özündə yanacaq kimi istifadə edilir. Müəssisədə istehsal olunan fındıq ləpəsi və digər məhsullar satış üçün Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər Avropa ölkələrinə göndərilir. Mövsüm vaxtı zavodda 60 nəfərədək işçi çalışır. Onların orta aylıq əməkhaqqı 250-300 manat arasındadır.
Müəssisənin texnoloqu Rasim İbrahimov AZƏRTAC-a bildirib ki, hazırda əhalidən tədarük edilən fındığın bir kiloqramının qiyməti keyfiyyətinə görə 3-3,5 manat arasında dəyişir. Mövsümün əvvəlində isə qiymət 2,5 manat olub.
"WorldFood Moscow" sərgisinə qatılan "Azərstar" və "Balxurma" ən yüksək mükafatı qazanıblar
Xatırladaq ki, bu ilin sentyabrında Moskva şəhərində keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən şirkətlərdən biri də "Azərstar" olub. Sərgidə iştirak edən “Azərstar” və “Balxurma” şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər. Quru meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri sərginin təşkilatçısı "ITE Group" tərəfindən mükafatlandırılıb. Bununla da, ilk dəfə olaraq "WorldFood Moscow" sərgisinə qatılan Azərbaycan şirkətləri ən yüksək mükafatı qazanıblar. Fındıq istehsalçısı "Azərstar"ın, həmçinin qurudulmuş xurma istehsalçısı olan "Balxurma"nın bu mükafata layiq görülməsi həm də yerli məhsullarımızın ekoloji təmiz olması, bu sahədə istehsal və emal prosesinin müasir texnologiyalara əsaslanması ilə bağlıdır.