REGİONLAR
Zaqatala gənclərinə sülh və mədəni müxtəliflik dəyərləri aşılanıb
Bakı, 18 iyun, AZƏRTAC
Zaqatalada gənclər üçün sülh və mədəni müxtəlifliyi aşılayan təlimlər keçirilib. Təlimlər Azərbaycan Respublikasının Gənclər Fondunun və NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı, həmçinin “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi (UYD) tərəfindən “Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi çərçivəsində baş tutub. Qeyd olunan layihənin məqsədi dinc cəmiyyətlərdə birgə yaşayışın formalaşdırılması və dayanıqlılığın davam etdirilməsi naminə gəncləri maarifləndirərək onların rolunu artırmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, Zaqatala Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan təlimlərə 40-yaxın gənc cəlb olunub. Zaqatala rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov gəncləri və layihənin nümayəndə heyətini salamlayaraq təlimlərin gedişinə uğurlar diləyib. Təlimlər zamanı gənclərə tolerantlıq, stiqma və qərəzlilik, problemin həlli, vasitəçilik, səmərəli ünsiyyət, gender və gender stereotipi, mədəniyyətlərarası dialoq kimi mövzular təlimçi Fəxri Məmmədzadə tərəfindən aşılanıb. İştirakçılar təlim boyu qrup çalışmaları, simulyasiya oyunlarında fəal iştirak edib, təlimçi tərəfindən verilən tapşırıqlar gənclərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqları da formalaşdırmağa xidmət edib.
Təlimlərdə 2 gün boyunca iştirak edən gənclər sertifikatla təltif olunub.