REGİONLAR
“Zaqatala” qəzetinin redaktoru: Rüstəm İbrahimbəyov filmi ilə ermənipərəst mövqeyini nümayiş etdirib
Zaqatala, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Kinorejissor Rüstəm İbrahimbəyov neçə illərdir özünü büruzə verən ermənipərəst mövqeyini çəkdiyi “Qafqaz üçlüyü” filmi ilə bir daha nümayiş etdirib. O, həqiqətən də xalqına yad olan, onun milli maraqlarını öz avantürist düşüncələrinə qurban verən bir fərddir. Ona azərbaycanlı demək, sadəcə, günahdır. Rüstəm İbrahimbəyovun həyatda yalnız bir məqsədi var: siyasi dividend əldə etmək. Bu yolda ona erməni lobbisinin dəstəyi açıq-aşkar görünməkdədir. Əgər belə olmasaydı, düşmənimizin maraqlarına xidmət edən ekran əsəri deyil, Xocalıda azərbaycanlıların başına gətirilən müsibətlərdən bəhs edən film çəkərdi.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Zaqatala” qəzetinin redaktoru, Əməkdar Mədəniyyət İşçisi İbrahim İbrahimov deyib.
Rüstəm İbrahimbəyovun ermənilərə olan sevgisinin hər bir azərbaycanlıda ikrah hissi oyatdığını vurğulayan Zaqatala ziyalısı deyib: “Görün bu satqında xalqına qarşı nifrət hissi hansı həddə çatıb ki, yalan, böhtan üzərində film çəkib nümayiş etdirir. Azərbaycan xalqını aşağılayan, onu qorxaq, qəddar, vəhşi, mənəviyyatsız bir xalq kimi təqdim edən Rüstəm İbrahimbəyov yeni filmində erməniləri, əksinə haqsızlığa uğrayanlar kimi təqdim etməkdən heç bir utanc və xəcalət hissi keçirmir. Azərbaycan xalqına qarşı yüz illərdir qırğınlar törədən erməniləri sülhsevər bir xalq kimi təqdim etməklə Rüstəm İbrahimbəyov nə qədər nankor biri olduğunu ortaya qoymuş oldu. Aydın məsələdir ki, əxlaqı və mənəviyyatı sürüşkən olan onun kimisindən bundan artıq heç nə gözləmək olmaz. Azərbaycan xalqı onsuz da Rüstəm İbrahimbəyov kimi xəyanətkarları çoxdandır yad bir ünsür kimi qəbul edir”.
İbrahim İbrahimov daha sonra deyib: “Rüstəm İbrahimbəyovun yalan və iftira üzərində qurulan bu filmi hər bir Azərbaycan vətəndaşı kimi, məni də dərindən qəzəbləndirib. Bir azərbaycanlı, ziyalı olaraq Rüstəm İbrahimbəyovdan yadlara satılmış ruhunu, çürük düşüncələrini xalqımızın adına sırımasından əl çəkməyi qətiyyətlə tələb edirəm”.