REGİONLAR


Zaqatala rayonunda tezyetişən fındıq sortlarının yığımına başlanılıb

Bu il rayonun fındıq bağlarından 14 min tona yaxın məhsul gözlənilir

Zaqatala, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda tezyetişən fındıq sortlarının yığımına başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda Fındıqlı və digər ətraf kəndlərdə tezyetişən fındıq sortları yığılır.

Fındığın kütləvi yığımına isə avqustun sonu - sentyabrın əvvəllərində başlanılacaq.

Məlum olduğu kimi, Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Ötən il rayonda 13 min 422 ton fındıq istehsal edilib. Fındıq istehsalı əvvəlki illə müqayisədə 4,5 min ton artıb. Builki mövsümdə isə rayonda fındıq istehsalının 14 min tona yaxın olacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ildə rayon ərazisində 2560 hektar, 2017-ci ildə 1732 hektar, 2018-ci ilin yaz mövsümündə isə 352 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 18 min 503,5 hektara çatdırılıb. Bu bağların 10 min hektara yaxını barverəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.