REGİONLAR
Zaqatala və Qaxın tütün qəbulu məntəqələrinə 425 ton yaş tütün daxil olub
Zaqatala, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Inter-Tobacco” MMC-nin Zaqatala və Qax rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələri indiyədək fermerlərdən 425 ton yaş tütün qəbul edib.
Zaqatala məntəqəsinin məsul nümayəndəsi Mohuma Hüşənovun AZƏRTAC-a verdiyi məlumata görə, məntəqəyə Balakən rayonunun təsərrüfatlarından 100 ton, Zaqataladan isə 90 ton yaş tütün daxil olub. Qəbul edilən yaş tütün qurudulmaq üçün burada quraşdırılmış kameralara qoyulur. Məntəqədə indiyədək 7 ton quru tütün istehsal olunub və preslənərək anbarlara yığılıb. Hazırda məntəqədə 56 ədəd tütünqurutma kamerası var. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edir. Tütünün qurudulması prosesi 6-7 gün çəkir.
Qax tütün istehsalı və emalı məntəqəsinə isə mövsümün əvvəlindən indiyədək 235 ton yaş tütün daxil olub. Məntəqənin müdiri Məmmədəli Sultanovun bildirdiyinə görə, bu il rayonda 300 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib.
Bölgədə daha bir tütün istehsalı və emalı məntəqəsi Şəki rayonunun ərazisində fəaliyyət göstərir. Artıq həmin məntəqə də istehsalçılardan yaş tütünün qəbuluna başlayıb.
Xatırladaq ki, yaş tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyən edilib.