REGİONLAR
Zaqatala ziyalısı: Qurtuluş Günü Azərbaycanın taleyində dönüş tarixi oldu
Zaqatala, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Hər bir ölkənin gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş tarixləri olur. Azərbaycan xalqı üçün belə tarixlərdən biri də 1993-cü il iyunun 15-dir. Ulu öndər Heydər Əliyevin həmin gün xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutur.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Zaqatala” qəzetinin redaktoru, Əməkdar mədəniyyət işçisi İbrahim İbrahimov deyib.
1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi prosesləri xatırladan rayon ziyalısı bildirib ki, həmin dövrdə hakimiyyətdə olanların səriştəsizliyi, hakimiyyətdaxili didişmələr, cəmiyyətdəki anarxiya və xaos, Qarabağda erməni təcavüzünün genişlənməsi ölkəmizi vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Qanlar, çətinliklər bahasına qazanılan müstəqilliyimiz çox ciddi təhlükələrlə, təhdidlərlə üz-üzə qalmışdı: “Yaranmış mürəkkəb vəziyyətdə xalqımız görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevi hakimiyyətə gətirməklə müdriklik nümayiş etdirdi. Müasir dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyunda ulu öndər Heydər Əliyev xalqın inamını yenidən özünə qaytardı”.
Yeni cəmiyyət quruculuğunun həmişə çətinliklərlə başa gəldiyini vurğulayan İbrahim İbrahimov qeyd edib ki, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr hər cür cəhdlərə əl atsalar da, Ulu Öndərin qətiyyəti, sarsılmaz iradəsi sayəsində müstəqilliyimiz gündən-günə möhkəmləndi: “Təcrübəli siyasətçi Heydər Əliyev xalqla iqtidarın gücünə arxalanırdı. Ulu Öndər azərbaycançılıq ideologiyasını formalaşdırmaqla birliyə, vətəndaş həmrəyliyinə nail oldu. Onun Azərbaycana olan sevgisi ölçüyəgəlməz idi. O, bu yolda bütün həyatını sərf etdi, azərbaycanlı olmağı ilə daim qürur duydu. Heydər Əliyev güclü dövlət yaratmağı bacardı, özündən sonra bu dövlətin idarə olunması kursunu müəyyənləşdirdi. Layiqli varis kimi, Prezident İlham Əliyevi yetişdirdi. Ölkənin gələcəyini bu gənc, müasir idarəçilik məharətinə yiyələnmiş bir siyasi xadimə əmanət etdi”.
İbrahim İbrahimov bildirib ki, Milli Qurtuluşdan başlanan yüksəliş yolu indi Azərbaycanı çiçəklənən, xalqların və millətlərin tolerantlıq şəraitində mehribancasına yaşadığı ölkəyə çevirib. Ulu Öndərin siyasəti davam etdikcə, ideyaları yaşadıqca, Azərbaycan daha da qüdrətli və yenilməz olacaq.