REGİONLAR
Zaqatalada 100 hektar sahədə yeni gül plantasiyası salınır VİDEO
Zaqatala, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Təsadüfi deyil ki, Zaqatala respublikamızda “Qızılgüllər diyarı” kimi də tanınır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, hazırda Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri iş aparılır. Yeni gül plantasiyasının salınması məqsədilə rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Bolqarıstandan 250 min ədəd qızılgül tingi gətirilib. Artıq bu ərazidə 50 hektardan çox sahəyə 150 min gül tingi əkilib və bu iş davam etdirilir. Ərazidə yeni gül emalı zavodunun tikintisi də nəzərdə tutulub. Bir neçə ildən sonra yeni plantasiyadan ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır. Zavodda istehsal olunacaq gül yağından qida, kosmetologiya və farmakologiya sənayesində istifadə olunacaq.