REGİONLAR
Zaqatalada “Əbədi müstəqillik” mövzusunda keçirilən rəsm müsabiqəsinə yekun vurulub
Zaqatala, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil edilən “Əbədi müstəqillik” mövzusunda rəsm müsabiqəsinə oktyabrın 18-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərini yüksəltmək, istedadlı və yaradıcı gəncləri üzə çıxarmaq, onların potensialının inkişaf etdirilməsinə dəstək olmaqdır.
Sərgi-müsabiqəyə Mərkəzin rəsm dərnəyi üzvlərinin və Uşaq İncəsənət Məktəbi şagirdlərinin çəkdikləri 45 rəsm əsəri təqdim olunub. Müsabiqədə fərqlənən gənc rəssamlar təşkilatçılar tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.