REGİONLAR


Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolu yenidən qurulur VİDEO

Bakı, 10 may, AZƏRTAC

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156–cı kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq yüksək keyfiyyətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

Məlumata əsasən, 22,3 kilometr uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr, yol yatağının eni 10 metr təşkil edir.

Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq işləri aparılır.

Sözügedən işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi işləri də görüləcək. Bununla yanaşı, layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.

“İnşaat Norma və Qaydaları”na əsasən texnoloji ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 4 yaşayış məntəqəsinin 16 min əhalisinin əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemi aradan qaldıracaq.

Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşınması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.