REGİONLAR


Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolunun yenidən qurulması davam edir VİDEO

Bakı, 26 avqust, AZƏRTAC

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156–cı kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşandı.

Məlumata əsasən, 22,3 kilometr uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur.

Artıq yolun 16 kilometrlik hissəsində sadalanan işlər yekunlaşıb, hazırda bu hissədə yeni yol yatağı inşa edilir.

Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı, layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.

Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.