REGİONLAR
Zaqatalada Nəsiminin 650 illiyi ilə bağlı keçiriləcək ağacəkmə aksiyasına hazırlıq işlərinə başlanılıb
Zaqatala, 17 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağacın əkilməsi təşəbbüsü Zaqatala rayonu sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzində də geniş hazırlıq işlərinə başlanılıb.
Mərkəzin sahə rəisi Fazil Cumayevin bildirdiyinə görə, ağac tinglərinin əkilməsi üçün Zaqatala və Balakən rayonlarının ərazisində müvafiq torpaq sahələri ayrılıb. Müəssisənin tinglik təsərrüfatında yerli şəraitə uyğun yetərincə əkin materialı yetişdirilib. Aksiya zamanı əsasən bölgə üçün xarakterik olan tut, qoz, şabalıd, fındıq, çinar, cökə, palıd, sərv və digər növ ağac tinglərinin əkilməsi nəzərdə tutulur.
Sakinlərlə söhbət zamanı, onlar da bu nəcib təşəbbüsü ürəkdən bəyəndiklərini bildiriblər. Zaqatala şəhər sakini Teymur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçiriləcək bu xeyirxah aksiyada fəal iştirak edəcəyini vurğulayaraq deyib: “Son illər ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsinə yönələn bir sıra layihələr həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun səmərəli fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Yeni yaşıllıqların salınması ekoloji vəziyyəti yaxşlaşdırmaqla yanaşı, insanların sağlamlığına, uzun ömür sürmələrinə də birbaşa təsir göstərir. Ona görə də, hər bir insan təbiətin qorunmasına, yeni yaşıllıqların salınmasına öz töhfəsini verməyə borcludur. Mən bütün zaqatalalıları bu xeyirxah aksiyada yaxından iştirak etməyə səsləyirəm”.