ELM VƏ TƏHSİL


Zaqatalada STEAM Mərkəzi istifadəyə verilib

Bakı, 29 noyabr, AZƏRTAC

Zaqatala şəhərində Z.Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova iştirak ediblər.

Mərasimdə iştirak edən qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. İnnovativ texnologiyalarla tam təmin olunan Mərkəzin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulduğu və burada “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap mexatronika, dron istiqamətləri üzrə sahələrin mövcudluğu iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda, regionun digər məktəblərinin şagird və müəllimlərinin də Mərkəzdə yaradılmış imkanlardan istifadə edə biləcəkləri xüsusilə vurğulanıb.

Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, eləcə də fənləri onların real dünyadakı tətbiqlərinə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.