REGİONLAR
Zaqatalada Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun xatirəsi anılıb
Zaqatala, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Aşağı Tala kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri, baş leytenant, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovdur. Oktyabrın 7-si Valehin şəhadətə yüksəlməsinin ikinci ili tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, kənd sakinləri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 30-cu ilində əbədiyyətə qovuşan Valeh Bədəlovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Məktəblilərin ifasında şəhidlərə, Vətənə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Valeh Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almasına baxmayaraq, Vətən eşqi onu Azərbaycan Ordusunda xidmətə səsləyib. Hərbi xidməti başa vurduqdan sonra hərbçi olaraq fəaliyyətini davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Valeh Bədəlov Türkiyədə komando kurslarını keçib, Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsi zamanı oktyabrın 7-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Valeh Bədəlova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, Cəbrayılın, Kəlbəcərin, Xocavəndin, Qubadlının, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.