CƏMİYYƏT
Zaqatalada “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gənclər Fondu və Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 28 May - Respublika Gününə həsr edilmiş kütləvi tədbir keçirib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak Zaqatala və Balakən rayon orta məktəblərinin yuxarı sinif şagirdləri arasında 28 May - Respublika Günü münasibətilə vətənpərvərlik mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri, gənclər, ictimaiyyətin, şəhid ailələri nümayəndələri, veteranlar və hüquq-mühafizə orqanları rəhbərləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində dövlət himninin ifası ilə başlayan tədbirdə Xalq Cümhuriyyəti qurucularının xatirələri də ehtiramla anılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi əhəmiyyətindən danışıb. O, Cümhuriyyətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin şərəfli səhifələrindən biri kimi əbədi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Cümhuriyyətin ideya-siyasi sistemi bu gün Azərbaycan Respublikasında tam şəkildə intişar tapıb. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü orduya, iqtisadiyyata, inamlı və sürətli inkişafa malik sabit bir dövlətə çevrilib.
Xidmət rəisinin birinci müavini vurğulayıb ki, bu gün vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Respublika Günü münasibətilə keçirilmiş müsabiqədə şagirdlərin fəal iştirak etmələri gənc nəslin milli dəyərlərə, dövlətçilik tariximizə bağlılığının daha bir bariz nümunəsidir.
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil olunan bu tədbirlərin əhəmiyyətinə diqqət çəkib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətin diqqət mərkəzində olduğunu və bu istiqamətdə müxtəlif proqramların həyata keçirildiyini bildirib, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Digər çıxışlarda da gənclərin inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili istiqamətində reallaşdırılan layihələrdən söz açılıb.
Sonra 28 May - Respublika Günü münasibətilə Zaqatala və Balakən rayonlarının məktəbliləri arasında keçirilmiş vətənpərvərlik mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən, Zaqatala rayonu üzrə ilk üç pillədə müvafiq olaraq Yengiyan, Yuxarı Tala kənd 2 saylı və Dağlı kənd tam orta məktəblərin şagirdləri Hülya Səfərova, Məryəm Qazıyeva və Sevinc Əmirova layiq görülüblər. Balakən rayonu üzrə isə şəhər 1 saylı, Poşbinə kənd 1 saylı və Katex-zavod kənd tam orta məktəblərin şagirdləri Səbinə Daşdəmirova, Həlimə Ömərova və Alvina Velixanova qalib olublar.
Qaliblərə müvafiq diplomlar, plaketlər və hədiyyələr təqdim edilib. Həmçinin müsabiqədə iştirak edən bir qrup məktəbli həvəsləndirici mükafatlara layiq görülüb.
Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, həmçinin özfəaliyyət kollektivlərinin çıxışları təqdim olunub.