REGİONLAR
Zaqatalada aşağı seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilirlər
Zaqatala, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Zaqatala rayonunda fəaliyyət göstərən 110 və 111 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı maarifləndirici treninqlər davam edir.
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanvarın 27-də başlanan treninqlərə dairənin tərkibində olan 47 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 282 nəfər cəlb edilib. Treninqlərin ilk iki günündə keçirilən məşğələlərdə 28 seçki məntəqəsi üzrə 168 komissiya üzvü iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş dairə seçki komissiyasının katibi Harun Əsgərov və baş məsləhətçi Məmmədrəsul Ağayev aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması məsələləri barədə metodiki məlumatlar verilib.
Seçki komissiyasının sədri bildirib ki, dairə üzrə 8 nəfər namizəd qeydə alınıb. Onlardan ikisi müxtəlif siyasi partiyaları təmsil edir. Altı nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə 487 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 48 min 209 nəfərdir.
111 saylı Zaqatala-Balakən seçki dairəsində isə aşağı seçki komissiyaları üzvləri üçün keçirilən treninqlərə 44 seçki məntəqəsi üzrə 264 nəfər cəlb edilib. Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparacaq. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə 509 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Treninqlərin ilk iki günündə məşğələlərdə 24 seçki məntəqəsi üzrə 144 nəfər iştirak edib. Məşğələləri seçki dairəsinin baş məsləhətçisi Mübariz Laçınov və aparıcı məsləhətçi Çiçək İsmayılova aparırlar.
Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də davam edir.