CƏMİYYƏT


Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının gənc üzvləri, eləcə də orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.

Tədbirdə çıxış edən Zaqatala RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov mövzunun əhəmiyyətindən danışıb, həmçinin rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə toxunub. Ramin Həsənov müasir cəmiyyətdə radikallıq zəminində baş verən hadisələri qınayıb və buna qarşı mübarizədə maarifləndirmənin səmərəli vasitə olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri və respublikamızda mövcud olan məzhəblərarası birlik bütün dünya üçün nümunədir. Azərbaycanda ölkə əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyini diqqətə çatdıran G.İsmayılov bildirib ki, İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda, xalqımızın mədəniyyətinin tərkib hissəsidir. Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini deyib ki, bəzi qruplar sülh və əmin-amanlıq dini olan İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa cəhd edirlər. Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən G.İsmayılov respublikamızda bu istiqamətdə maarifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması istiqamətində maarifləndirmə işləri həyata keçirilir. Radikal dini qrupların Azərbaycanda ciddi dayaqlarının olmadığını qeyd edən G.İsmayılov radikallığın prinsiplərindən olan məzhəbçiliyin fəsadlarını qeyd edib, başqasının dini inancını sorğulamağın insana yaraşmayan xüsusiyyət və etik normalar xaricində olduğunu diqqətə çatdırıb. Sədr müavini deyib ki, dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meyilləri olan ölkələrdə, bölgələrdə yayılır: “Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb. Bunun özü də deməyə əsas verir ki, Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsi real deyil. Çünki Azərbaycanın iqtisadi imkanları, hüquq mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda, paralel olaraq aparılan ideoloji iş bu cür qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünsüz edir”, - deyə sədr müavini fikrini tamamlayıb.

Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizm və onun əsas təbliğat metodlarından danışaraq məsələyə qanunvericilik nöqteyi-nəzərindən yanaşıb.

Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.