CƏMİYYƏT
Zaqatalada dövlət sərhədini pozmağa cəhd edən iki nəfər saxlanılıb
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizəsi tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 4-də Xidmətin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıblar. Belə ki, sərhəd naryadı tərəfindən dövlət sərhədində Azərbaycan vətəndaşları – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıblar.
İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək göstərdiyini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.
R.Hacılı 250 min manat məbləğində borclarının olduğunu, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışacağını bildirib.
Saxlanılmış şəxslər barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.