CƏMİYYƏT
Zaqatalada evdən oğurluq edən dəstə üzvləri saxlanılıb
Bakı, 17 fevral, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini evindən qızıl-zinət əşyalarının və pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən təxminən 2 min manat dəyərində qızıl-zinət əşyalarının və 450 manat məbləğində pulun oğurlandığı müəyyən edilib.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum edilən Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyənləşib. Onlardan Z.Zurabaşvilinin yeri müəyyənləşdirilərək şübhəli şəxs qismində saxlanılıb.
Onunla bağlı aparılan araşdırmalarla müəyyənləşib ki, oğurluğu edən şəxslərin evə daxil olmasına zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardım ediblər. Ş.Hacıyeva ev sahiblərinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt bir yerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürüb. Bundan sonra onların həmin evə qanunsuz daxil olduqları müəyyən edilib.
Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda zərgərlik mağazasına satdıqları müəyyən edilib. Həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.