CƏMİYYƏT
Zaqatalada gənc fermerlərin kənd təsərrüfatı məhsullarının ixracatının stimullaşdırılması ilə bağlı layihə reallaşdırılıb
Bakı, 31 avqust, AZƏRTAC
Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində “Gənc fermerlərin kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına ixracatının stimullaşdırılması” adlı layihə çərçivəsində keçirilən tədbirlər uğurla başa çatıb. Layihə “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Azərbaycanda, o cümlədən Zaqatala rayonunda fermerlərin kənd təsərrüfatı sahəsində fəaliyyətinin stimullaşdırılmasına dəstək məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsidir.
Zaqatala rayonunun xüsusiyyətləri nəzərə alınaraq gənc fermerlərə fındığın yetişdirilməsi, emalı və hazır məhsulun Avropa bazarlarına ixracatı ilə bağlı müvafiq təlimlər keçirilib, ilkin iqtisadi start-up layihələrin yazılması, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişaf etdirilməsi istiqamətində müvafiq məlumatlar verilib.
Layihə çərçivəsində 3 tədbir təşkil edilib və hər tədbirə 50-dən çox iştirakçı qatılıb. İştirakçılara layihə çərçivəsində çap olunmuş kitab və bukletlər paylanılıb.