CƏMİYYƏT


Zaqatalada gənclər üçün SYSLAB təlim mərkəzi yaradılacaq

Bakı, 10 yanvar, AZƏRTAC

Bu ilin ilk rübündə Zaqatala rayonunda ilk dəfə işaxtaran gənclər üçün SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə icra edilən “Azərbaycanda İnnovasiyaların və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində yaradılacaq.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzdə ilk dəfə işaxtaran gənclərə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsi məqsədilə təlimlər təşkil olunacaq və ilin sonuna qədər təlimlərə 100-dək gənc cəlb ediləcək.

Gənclərə işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdimetmə, işə qəbul üçün müsahibəyə hazırlaşma, sahibkarlıq, sistemli biznes, ofis işi və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlar öyrədiləcək.

Layihə çərçivəsində indiyədək müvafiq müddətlərdə Bakı, Sumqayıt şəhərlərində, Masallı rayonunda belə mərkəzlər fəaliyyət göstərib. Son illərdə isə Gəncə şəhərində də SYSLAB təlim mərkəzi yaradılıb və hazırda fəaliyyətini davam etdirir.

İndiyədək həmin təlim mərkəzlərinə 800-ə qədər gənc cəlb edilib və onların əksəriyyəti təlimlər zamanı yiyələndikləri bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.