REGİONLAR
Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb
Zaqatala, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, bu ilin ilk iki ayında rayonda 1314,1 ton diri çəkidə ət, 6 min 350,4 ton süd, 3 milyon 61 min ədəd yumurta istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 ton, süd istehsalı 56,6 ton, yumurta istehsalı 23 min ədəd artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin və yumurtanın hamısı, südün isə 6 min 347,3 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə iki ayda 3,1 ton süd istehsal olunub.