CƏMİYYƏT
Zaqatalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki iri supermarketlərdə, gözəllik salonlarında, bərbərxanalarda və geyim mağazalarında reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər. Reyd zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyənləşdirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin bəzi restoran və kafelərdə xidmət personalının tibbi maskadan istifadə etmədiklərinə görə obyekt sahiblərinə və işçilərə ciddi xəbərdarlıq olunub, barələrində cərimə protokolları tərtib edilib. Gözəllik salonlarında və bərbərxanalarda da bir neçə işçinin və müştərinin tələblərə riayət etmədiyi aşkarlanıb. Onların barələrində inzibati tənbeh tədbirləri görülüb.
Reyd ictimai nəqliyyat vasitələrində də davam etdirilib. Tibbi maskadan istifadə etmədikləri üçün bir neçə sürücü və sərnişin cərimələnib.