REGİONLAR
Zaqatalada indiyədək 32 min tondan çox dən qarğıdalı istehsal olunub
Zaqatala, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı mütəşəkkil davam edir. Cari mövsümdə rayonda 5860 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Mövsümün əvvəlindən indiyədək rayonda 32 min 623 ton dən qarğıdalı istehsal olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qarğıdalı əkinlərinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində bu il sahələrdə bol məhsul yetişdirilib. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər qalan məhsulun da sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar.
Rayonda qarğıdalı istehsalı ilə məşğul olan fermer təsərrüfatlarından biri də Yengiyan kəndində fəaliyyət göstərir. Təsərrüfatın rəhbəri Telman Həsrətov AZƏRTAC-a bildirib ki, bu il 20 hektar sahəyə qarğıdalı əkib, yaxşı da məhsul yetişib. Fermer indiyədək qarğıdalı sahəsindən 70 ton məhsul götürüb. Hər hektardan orta məhsuldarlıq 70-80 sentner təşkil edir. Telman Həsrətov hava şəraiti imkan verərsə, qarğıdalı sahəsindən daha 70 ton məhsul götürməyi planlaşdırır.
Telman Həsrətov bu il tütün əkini sahələrini də xeyli genişləndirib, 65 hektarda tütün yetişdirib. İndiyədək sahələrdən 600 tona yaxın yaş tütün yarpağı yığaraq qəbul məntəqəsinə təhvil verib. Fermer tütün sahəsindən daha 200-300 ton məhsul gözləyir. Hazırda onun təsərrüfatında 40 nəfərə yaxın işçi mövsümü işlə təmin olunub.