REGİONLAR
Zaqatalada indiyədək 367 hektar sahəyə tütün şitilləri köçürülüb
Zaqatala, 2 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 367 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Asya Hacıyeva məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə Zaqatala rayonunda 450 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Rayonun fermerləri cari ildə 397 hektar sahədə “Virciniya botaniki”, 53 hektarda isə digər növ tütün yetişdirəcəklər.
Cari mövsümdə rayonun təsərrüfatlarında “Zaqatala AGRO Industry” MMC tərəfindən 253 hektar, “Azərtütün ASK” MMC (“Tabaterra Leaf” QSC) tərəfindən 124 hektar və “Azəri Korporasiyası” tərəfindən 20 hektar sahədə “Virciniya botaniki” növlü, həmçinin fərdi qaydada 53 hektar sahədə digər növ tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar hər 3 şirkət tərəfindən bu günədək 37 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 396,5 hektardır. Tütün əkilməsi üçün indiyədək 395,5 hektar sahədə şum aparılıb.
Asya Hacıyeva bildirib ki, bu günədək “Zaqatala AGRO Industry” MMC tərəfindən 200 hektar, “Azərtütün ASK” MMC tərəfindən 94 hektar, “Azəri Korporasiyası” tərəfindən 13 hektar, həmçinin fərdi qaydada 60 hektar sahədə tütün əkilib.