Zaqatalada indiyədək tibb işçiləri və yaşlı vətəndaşlara 3037 doza vaksin vurulub
AzerTAg.az
Zaqatala, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. Artıq 50 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsinə başlanılıb. Ümumiyyətlə, bu günədək Zaqatala rayonu üzrə tibb işçilərinə və yaşlı vətəndaşlara 3037 doza vaksin vurulub.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, vaksinasiyanın keçirilməsi üzrə yaradılan qərargahın üzvü Vəfa Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, strategiyaya uyğun olaraq ilkin mərhələdə 1520 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Fevralın 17-dən etibarən onlara vaksinin ikinci dozasının vurulmasına başlanılıb və bu günədək 741 tibb işçisi təkrar peyvənd olunub. Eyni zamanda, indiyədək yaşı 65-dən yuxarı olan 762 vətəndaşa da peyvəndin birinci dozası vurulub və proses davam edir.
Qeyd edək ki, peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksin effektivliyi ilə digərlərindən seçilir.






Xəbərin mətnində orfoqrafik səhv var