REGİONLAR
Zaqatalada keçirilən əmək yarmarkasında 113 nəfər işə göndəriş alıb
Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə sentyabrın 21-də Zaqatalada keçirilən əmək yarmarkasında rayonda fəaliyyət göstərən 17 idarə, müəssisə və fiziki şəxs tərəfindən 420 boş (vakant) iş yeri çıxarılıb. Yarmarkanın yekununda 113 nəfər işə düzəlmək üçün göndəriş alıb.
AZƏRTAC xəbər verir ki, rayon Mədəniyyət Mərkəzində təşkil edilən yarmarkada Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehrəliyev və rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Sevinc Əfəndiyeva çıxış edərək, qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək, onların əmək bazarında iştirakını təmin etmək məqsədi ilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışıblar.
Sonra işaxtaranlar yarmarkaya çıxarılan boş iş yerləri ilə maraqlanıblar. Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, fındıq emalı müəssisələri yarmarkaya daha çox iş yerləri çıxarıblar.
Gün ərzində davam edən yarmarkada üç yüzdən çox işaxtaran vətəndaş iştirak edib.