REGİONLAR


Zaqatalada kənd əhalisinin baramaçılığa marağı artıb

Zaqatala, 2 may, Mustafa Dadaşov, AZƏRTAC

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Zaqatala rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsir göstərir. Təsadüfi deyildir ki, son illər rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə ailələrdən biri də Muxax kənd sakini Valeh Abdullayevin ailəsidir. Ailə ötən il 200 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, tədarük məntəqəsinə 600 kiloqrama yaxın yaş barama təhvil verib. Kümçünün sözlərinə görə, ötən il baramaçılıqdan ailə büdcələrinə 5 min manatadək vəsait daxil olub. Ona görə də qərara alıblar ki, bu il yenə də baramaçılıqla məşğul olsunlar.

Mosul kənd sakini Şaiq Əlixanov isə bu il ilk dəfə 25 qram ipəkqurdu götürüb. O, cari ildə 60-70 kiloqram yaş barama istehsal etməyi qarşısına məqsəd qoyub. Kənd sakini AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində baramaçılığın gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Hələ sovetlər dövründə Zaqatalanın kəndlərində ailələrin əksəriyyəti baramaçılıqla məşğul olurdu. Yaxşı haldır ki, bu ənənəvi sahə dövlətin dəstəyi ilə yenidən inkişaf etdirilir. Kümçü 30-40 gün əziyyət çəkir, əvəzində yaxşı gəlir götürür. Çox sərfəli sahədir. Yem bazası yaxşı olarsa, gələcəkdə 100 qram ipəkqurdu da götürmək istəyərdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.