CƏMİYYƏT
Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkə ifşa edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan Yuxarı Tala kənd sakini Ramiz Quliyev alınmış əməliyyat məlumatları əsasında keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 5,5 kiloqram qurudulmuş marixuana aşkarlanıb. Polis əməkdaşları həmin ünvana baxış keçirdikləri vaxt Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfəri, “Çopur Ramiz”in yaxınları - əvvəllər oğurluğa görə məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye yaxalanıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.