CƏMİYYƏT
Zaqatalada oğurluq etdikləri evi yandıran şəxslər saxlanılıb
Bakı, 10 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidməti - Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birinin oğurluqdan edildikdən sonra yandırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov görülən tədbirlər nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan iki gün sonra sərxoş vəziyyətdə olan “dostlar”ın etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırdıqları müəyyənləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.