CƏMİYYƏT
Zaqatalada qadına məxsus təqaüd kartını oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 19 fevral, AZƏRTAC
Zaqatala rayonunun Göyəm kəndinin qadın sakini polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus təqaüd kartının naməlum şəxs tərəfindən oğurlandığını və hesabındakı 1043 manat məbləğində pulun çıxarıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğunu müəyyənləşdiriblər. O, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansındakı pulları çıxararaq əyləncə məqsədilə xərclədiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.