REGİONLAR


Zaqatalada qəbul imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb

Zaqatala, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 14-də Zaqatala şəhərində keçirdiyi II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı başa çatıb. İmtahanlarda Balakən, Zaqatala və Qax rayonlarından olan abituriyentlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatalada 3 mərkəz ayrılıb. Qəbul imtahanları Zaqatala şəhərindəki 1, 2 və 3 saylı tam orta məktəblərdə təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 671 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 73 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 55 zal ayrılıb. İmtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.