REGİONLAR
Zaqatalada seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara 109 dinləyici cəlb edilib
Zaqatala, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı keçirilən kurslar dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Təlimlərə hər iki dairə üzrə, ümumilikdə, 18 nəfər komissiya üzvü və 91 nəfər məntəqə seçki komissiyalarının sədri cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Zaqatala seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kursun ikinci günü - oktyabrın 16-da iştirakçılara seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə geniş məlumat verilib.
Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin əməkdaşı Könül Nəbiyeva çıxışında seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən bəhs edib.
Sonra dairə seçki komissiyasının sədri Fikrət Mustafayev iştirakçılara bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə geniş məlumat verib.
Dairə üzrə ixtisaslaşdırılmış kurslara 9 nəfər komissiya üzvü və 47 nəfər məntəqə seçki komissiyasının sədri cəlb edilib.
Eyni təlimlər 111 saylı Zaqatala-Balakən seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin sədrləri və dairə seçki komissiyasının 9 üzvü cəlb olunub. Dairənin tərkibinə daxil olan seçki məntəqələrinin 29-u Zaqatalada, 15-i isə Balakəndə yerləşir. Seçicilərin ümumi sayı 46 min 636 nəfərdir.
Seminarda Mərkəzi Seçki Komissiyasının təşkilat şöbəsinin əməkdaşı Faiq Bəşirov iştirakçılara seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.