REGİONLAR


Zaqatalada soyanın əkin sahəsi 2 dəfədən çox artıb

Zaqatala, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun fermerləri artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. Ötən il fermerlər 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Builki mövsümdə isə rayonda soya bitkisinin əkin sahəsi 2 dəfədən çox artırılaraq 231 hektara çatdırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda soya bitkisinin əkib becərilməsi ilə 12 fermer məşğul olur. Üç il əvvəl isə onların sayı bir neçə nəfər idi. Havalar əlverişli keçərsə, bu il soya sahələrindən 400 tondan çox məhsul gözlənilir.

Yüksək rentabelli və qiymətli bitki olan soya xüsusilə heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır.

Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak-boyaq sənayesində də istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.