REGİONLAR


Zaqatalada tibbi müayinədən keçənlərin 112 nəfəri stasionar müalicəyə cəlb olunub

Zaqatala, 16 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Zaqatala rayonunda mütəşəkkil qaydada başa çatıb. Fevralın 12-də başlanan və üç ay davam edən aksiya çərçivəsində 76 min 189 nəfər rayon sakini müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə ediblər.

Rayon icra hakimiyyətində yaradılan komissiyadan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, müayinələr rayonun 5 tibb müəssisəsində - rayon mərkəzi xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilib. Müayinələrə yüksəkixtisaslı həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin xəstəxanalara gələ bilməyən xəstə və yaşlı insanlara evlərində xidmət göstərib. Tibbi müayinələr rayonun 61 yaşayış məntəqəsini əhatə edib.

Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, tibbi müayinədən keçənlərin 6991 nəfərinə ambulator müalicə təyin edilib, 112 nəfər stasionar müalicəyə cəlb olunub, 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Müayinə olunanlar arasında mövsümlə əlaqədar yuxarı tənəffüs orqanlarının kəskin respirator, həmçinin ürək-damar, qan təzyiqi və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edib. Belə xəstələrə lazımi məsləhətlər verilib, müalicə təyin edilib.

Müayinədən keçən insanlar onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.