REGİONLAR
Zaqatalada tütün əkini sahələri 140 hektardan çox artıb
Zaqatala, 2 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari mövsümdə rayonda 742 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 140,5 hektar artıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Gəlirli, ixrac potensialı yüksək sahələrdən olan tütünçülüyün inkişafına dövlət tərəfindən xüsusi diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması zaqatalalı fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Rayonun Yengiyan kəndindən olan fermer Telman Həsrətov tütünçülüklə bir ildir ki, məşğul olur. Fermer ötən il ilk dəfə 65 hektar sahədə tütün əkib, 700 ton yaş, 52 ton quru tütün istehsal edib. Prezidentin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer bu il tütün əkini sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb.
Telman Həsrətov AZƏRTAC-a bildirib ki, bu il tütün sahələrindən 1500-1600 ton məhsul götürməyi qarşıya məqsəd qoyub. Hazırda tütün əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir, sahələr alaq otlarından təmizlənir, suvarılır, yemləmə gübrəsi verilir.
Xatırladaq ki, 2016-cı ildə Zaqatala rayonunda tütün məhsullarının ixracından 11,9 milyon manat gəlir əldə edilib. Tütünçülük sahəsində 1200 nəfərə yaxın istehsalçı məşğul olub.