REGİONLAR
Zaqatalada ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 6 mərkəzdə aparılıb
Zaqatala, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 9-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 6 mərkəz ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhərindəki 1, 2, 3 saylı, Qazangül qəsəbə və Aşağı Tala kənd 3 saylı tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1434 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 20 imtahan rəhbəri və 138 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 115 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun məlumatına görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Hərarəti yüksək olduğuna görə bir nəfər imtahana buraxılmayıb. Həmin şagird növbəti imtahanda iştirak edə biləcək.