REGİONLAR


Zaqatalada yaş barama tədarükünə başlanıldı – birinci gün 788 kiloqram yaş barama təhvil verildi FOTO

Zaqatala, 7 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 7-də Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda iki il əvvəl istifadəyə verilən Baramaqurutma Müəssisəsinə kümçülər tərəfindən 788 kiloqram yaş barama gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala rayon Baramaqurutma Müəssisəsində olub, kümçülərdən yaş baramanın qəbulu prosesi ilə maraqlanıb.

Müəssisənin direktoru Faiq Köngülovun sözlərinə görə, builki mövsümdə rayonda yaş barama istehsalının 30 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 221 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 750 qutu, yəni 14 kiloqram 250 qram ipəkqurdu paylanılıb. 650 nəfərədək kənd sakini barama yetişdirilməsi ilə məşğul olur.

Cari mövsümün ilk məhsulunu müəssisəyə Mosul kənd sakini Mustafa Səmədov təhvil verib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 121 kiloqram gəlib. Kümçü AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq gəlirli sahə olduğundan, bu il ilk dəfə barama yetişdirməyi qərara alıb. Müəssisədən 2 qutu, yəni 38 qram ipəkqurdu götürüb. Yaş baramanın qiymətinin 9 manatdan 11 manata çatdırılması kəndin digər sakinləri kimi, onun da bu sahəyə marağını artırıb. Növbəti illərdə daha çox ipəkqurdu bəsləməyi düşünür.

Mosul kənd ərazi icra nümayəndəsi Elman Sulxayevin sözlərinə görə, cari mövsümdə kənddə 12 kümçü ailəsinə 31 qutu ipəkqurdu paylanılıb. Bu il 1,5 ton yaş barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Rayonun Zəyəm kəndindən Allahverdi Şıxıyev isə dördüncü ildir baramaçılıqla məşğul olur. Kümçü builki mövsümdə 5 qutu, yəni 95 qram ipəkqurdunun bəslənməsi ilə məşğul olub. Mövsümün ilk günündə müəssisəyə 205 kiloqram yaş barama təhvil verib. Bu il Zəyəm kəndində 4 ailə baramaçılıqla məşğul olur. Onlara 4 qutu ipəkqurdu paylanılıb.

Yeni Suvagil kənd sakini Fatma Əzizova da baramanın alış qiymətinin artırılmasından razılıq edir. O, uzun illərdir ki, baramaçılıqla məşğuldur. Bu il 200 kiloqram yaş barama istehsal etməyi qarşısına məqsəd qoyub.

Müəssisədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.