REGİONLAR
Zaqatalada yaz-tarla işlərinə başlanmışdır
Zaqatala, 11 mart (AZƏRTAC). Zaqatala rayonunun şəxsi və fermer təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanmışdır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə rayonda 15 min hektara yaxın sahədə yazlıq bitkilər əkiləcəkdir. Məhsul istehsalçıları bu günədək 211 hektar sahədə yonca, 433 hektarda kartof, 316 hektar sahədə isə tərəvəz əkmişlər.
Tütün əkininə də hazırlıq işləri görülür. Bu məqsədlə “İnter Tobacco” MMC tərəfindən rayon ərazisində 7 ədəd mexaniki və 200-ə yaxın sadə istixanalarda tütün şitilləri yetişdirilir. Şitillər apreldə sahələrə köçürüləcəkdir. Bu mövsümdə rayonda 900 hektar sahədə tütün əkilməsi nəzərdə tutulmuşdur.
Yaz-tarla işlərinin aparılması üçün “Aqrolizinq” ASC-nin rayon filialı tərəfindən məhsul istehsalçılarına güzəştli qaydada 20,7 ton mineral gübrə satılmışdır.
Hazırda rayonun təsərrüfatlarında taxıl əkini sahələrinə aqrotexniki xidmət işləri də davam etdirilir, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.