Zaqataladan 10-dan çox ölkəyə gül yağı ixrac edilir FOTO
AzerTAg.az

Zaqatala, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. 2018-ci ildə rayonda qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.
Hazırda Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Mayın əvvəlində qızılgül plantasiyasında gül ləçəyi yığımına başlanılıb. Lavanda gülünün yığımına isə iyunun 20-dən sonra başlanılması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri emal müəssisəsində olub, gül ləçəyi yığımının gedişi və emal prosesi ilə maraqlanıb.
Zaqatalanın qızılgül plantasiyasından mövsümün əvvəlindən indiyədək 379 ton gül ləçəyi toplanıb
Müəssisənin baş aqronomu, bağçılıq üzrə məsul şəxs Abdulla Qurbanov uzun müddətdir gülçülük sahəsində çalışır. Müəssisənin baş aqronomu mövsümün çox uğurlu olacağını vurğulayaraq deyib: “Builki mövsümdə qızılgül plantasiyasından 750 ton gül ləçəyi toplamağı və ondan 220 kiloqramadək qızılgül yağı istehsal etməyi qarşıya məqsəd qoymuşuq. Sahələrdə gül boldur. Mövsümün əvvəlindən bu günədək 379 ton məhsul yığılaraq istehsalata təhvil verilib”.
Baş aqronomun sözlərinə görə, sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır. Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadə olunmasına zəmin yaradır. Sahələrdə herbisid, pestisid və fungisidlərdən istifadə olunmur, zərərvericilərə və alaq otlarına qarşı mübarizə yalnız bioloji üsullarla aparılır.
Mütəxəssis bildirib ki, gül yığımı zamanı havanın hərarətinin 25 dərəcədən çox olması qızılgüldən efirin uçmasına səbəb olur. Ona görə də yığım səhərin erkən saatlarında başlanır və saat 11:30-da yekunlaşdırılır.
Hazırda plantasiyalarda 1600-dən çox mövsümi işçi çalışır.
3000-3600 kiloqram qızılgüldən 1 kiloqram qızılgül efir yağı istehsal edilir
Müəssisənin istehsalat rəhbəri Təbriz Allahverdiyevlə söhbət zamanı məlum oldu ki, istehsalat sahəsində 11 ədəd 3 kubmetrlik qızılgül distilə qazanı və 2 ədəd veronik qazan quraşdırılıb. Bundan əlavə, lavanda və digər bitkilərdən efir yağları istehsalı üçün 2 ədəd 3 kubmetrlik distillə qazanı da mövcuddur. Sahələrdən yığılan qızılgüllər qazanlara tökülür və su əlavə edilərək qaynadılır. Bir proses 2 saat çəkir. Qaynama zamanı buxardan distillə suyu – gülab əmələ gəlir. Daha sonra veronik qazanların köməyi ilə gülabdan qızılgül efir yağı ayrılır. Ümumilikdə, 3000-3600 kiloqram qızılgüldən 1 kiloqram efir yağı istehsal etmək mümkündür. Mövsümün əvvəlindən indiyədək müəssisədə 124 kiloqram qızılgül yağı istehsal edilib.
İşçilərlə söhbət zamanı onlar müəssisədə yaradılan şəraitdən razılıq ediblər. Rayonun Danaçı kəndindən olan Mominət Çubaçova ikinci ildir ki, gül yığımı ilə məşğul olur. O, işindən çox razıdır.
İstehsal olunan efir yağları ixracyönümlüdür
MMC-nin direktoru Bəxtiyar Heraçiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, hazırda dünya üzrə ümumi illik qızılgül yağı istehsalı 4000-5000 kiloqram təşkil edir. Bu həcmin 200-220 kiloqramlıq hissəsi buradakı müəssisədə istehsal edilir. İstehsal olunan efir yağları ixracyönümlüdür və parfümeriya, fraqrens, aromaterapiya, kosmetologiya sənayesində xammal kimi istifadə olunur.
Direktorun sözlərinə görə, müəssisənin istehsal etdiyi məhsulların “Azərbaycan Efir Yağları” adı altında Fransanın nüfuzlu parfümeriya təhsil müəssisələrində dərsliklərə salınması üzrə işlər davam etdirilir. Müəssisənin məhsulları Almaniya, Bolqarıstan, Yaponiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İtaliya və Fransa şəhərlərində, ümumilikdə, 10 beynəlxalq parfüm sənayesi sərgisində nümayiş etdirilib. Məhsullar, əsasən Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, İngiltərə, Almaniya, Fransa, ABŞ və digər ölkələrə ixrac olunur.
O bildirib ki, gələcəkdə əlavə investisiya cəlb edilərək, ekoloji balansı qorumaq şərti ilə istehsal və çeşidlərin artırılması nəticəsində daha çox insanın işlə təmin edilməsi, ixracyönümlü məhsulların istehsalının daha da artırılması nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var