REGİONLAR


Zaqatalalı fermerlər bu il qarğıdalı istehsalını 25 min tona çatdırmaq əzmindədirlər

Zaqatala, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalalı fermerlər cari mövsümdə 4 min 302 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Təsərrüfatlarda qarğıdalı yığımı mütəşəkkil davam edir. İndiyədək rayonda 22 min 387 ton dən qarğıdalı istehsal olunub. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər qalan məhsulun da sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar. Bu il rayonda dən qarğıdalı istehsalının 25 min tona çatacağı proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarından biri də “Muxax” İstehsal Kooperatividir. Təsərrüfatın rəhbəri Abdulla Mahmudov bildirib ki, bu il 20 hektar sahəyə qarğıdalı əkib, yaxşı da məhsul yetişib. Fermer qarğıdalı yığımına yaxın günlərdə başlamağı planlaşdırır. O, hər hektar sahədən 6-7 ton məhsul götürməyi qarşısına məqsəd qoyub.

Kooperativ son illər qarğıdalı ilə yanaşı, günəbaxan istehsalına da böyük maraq göstərir. Bu il təsərrüfatda 40 hektar sahədə günəbaxan bitkisi yetişdirilib. Günəbaxanın əkin sahəsi ötən illə müqayisədə iki dəfə artırılıb. Məhsul yığımı başa çatıb və sahələrdən 60 tona yaxın günəbaxan tumu tədarük olunub.

“Muxax” İstehsal Kooperativi bu il rayonda ilk dəfə olaraq 70 hektar sahədə soya bitkisi də yetişdirib. Təsərrüfat rəhbərinin bildirdiyinə görə, məhsul yığımına on-on beş gündən sonra başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.