REGİONLAR
Zaqatalalı fermerlər payızlıq əkinlərə qulluq işləri ilə bağlı maarifləndiriliblər
Zaqatala, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Payızlıq əkinlərə aqrotexniki qulluq işləri ilə əlaqədar Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən şimal-qərb bölgəsi rayonlarında fəaliyyət göstərən fermerlər üçün maarifləndirici təlimlər davam edir. Növbəti təlim Zaqatala rayonunun Muxax kəndində toxumçu fermer Abdulla Mahmudovun təsərrüfatında keçirilib.
Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq əkin sahəsində keçirilən təlim zamanı fermerlərə keyfiyyətli toxum istehsalında yemləmə gübrəsinin mərhələli verilməsi, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə işlərinin düzgün təşkili ilə bağlı məsələlər izah edilib, maarifləndirmə işi aparılıb.
Fermerlər müzakirələrdə fəal iştirak ediblər. Təlim zamanı mərkəzin mütəxəssisləri tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.