REGİONLAR
Zaqatalalı gənclər “ZəfərimİZ” layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri ilə görüşüblər
Zaqatala, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə növbəti layihəni təqdim edib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zaqatala Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirilən “ZəfərimİZ” layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri Əlibəy Məmmədov və Sübhan Durmuşov zaqatalalı gənclərin qonağı olublar.
Görüşdə vurğulanıb ki, Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Zaqatalanın igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan zaqatalalı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər.
Vətən müharibəsi qaziləri cəbhə təəssüratlarından, keçdikləri döyüş yollarından, əsgər və zabitlərimizin şücaətindən söz açıblar. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Əlibəy Məmmədov 6 medalla - “Cəsur döyüşçü”, həmçinin Füzulinin, Xocavəndin, Cəbrayılın, Qubadlının və Şuşanın azad olunmasına görə medalları ilə, Sübhan Durmuşov isə 5 medalla - “Cəsur döyüşçü”, eləcə də Füzulinin, Xocavəndin, Cəbrayılın və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunublar.