REGİONLAR
Zaqatalalı sahibkar: Bu il tütün əkinini 65 hektardan 100 hektara çatdıracağıq
Zaqatala, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də tütünçülükdür. Bu gəlirli sahə uzun illər diqqətdən kənarda qalsa da, son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yenidən dirçəlməyə başlayıb.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində böyük potensiala malik tütünçülüyün çox gəlir gətirən bir sahə olduğunu vurğulayaraq deyib: “Təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq”.
AZƏRTAC xəbər verir ki, Zaqatala rayonunun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsinə imkan verir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, tütünçülüyə ayrılan subsidiya, eləcə də güzəştli şərtlərlə aqrolizinq xidmətləri nəticəsində rayonda təsərrüfatların sayı getdikcə artır. Belə təsərrüfatlardan biri də rayonun Yengiyan kəndində fəaliyyət göstərir.
Dövlətin ənənəvi və ixrac potensialı yüksək olan sahələrin inkişafına göstərdiyi qayğıdan ruhlanan təsərrüfat rəhbəri Telman Həsrətov 2016-cı ildən tütünçülüklə məşğul olmağa başlayıb.
Tütünçülüyün gəlirli sahə olduğunu bildirən sahibkar Telman Həsrətov AZƏRTAC-a müsahibəsində deyib: “Dövlətimizin başçısı tərəfindən ölkə iqtisadiyyatının gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər hamı kimi bizi də həvəsləndirir. Keçən il ilk dəfə 65 hektar sahədə tütün əkdik, 700 ton yaş, 52 ton quru tütün istehsal etdik. Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, bu il tütün əkini sahələrini 100 hektara çatdırmağı qarşıya məqsəd qoymuşam. Bu günədək 60 hektardan çox sahəyə şitil köçürülüb. Təsərrüfatımızda 50 nəfər işçi çalışır. Onların orta aylıq əmək haqqı 300 manatdır”.
Söhbət zamanı zaqatalalı sahibkar ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli mühitin olduğunu, onlara göstərilən yüksək dövlət qayğısından məmnun qaldığını bildirib.