REGİONLAR
Zaqatalalılar Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini anıblar
Zaqatala, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
İki il əvvəl sentyabrın 27-də başlayan və 44 gün davam edən, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf olub. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir və Azərbaycan xalqının tarixində əbədi qalacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatalada keçirilən ümumrayon anım tədbirində səsləndirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Zəfər kompleksi önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Anar Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elməddin Allahverdiyev çıxış edərək, 44 gün davam edən müharibədə rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.
Qeyd olunub ki, Zaqatala hələ Birinci Qarabağ müharibəsində xeyli şəhid verib. İkinci Qarabağ savaşında da Zaqatala rayonunun igid, vətənpərvər oğulları könüllü olaraq cəbhəyə yollanıb, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi yolunda böyük şücaət göstəriblər.
Tədbirdə Vətən müharibəsi şəhidi Sayad Hacıyevin anası Simuzər xanım, qazi Nurlan Mazanov çıxış edərək, dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildiriblər.
Anım Günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası keçirilib, şəhid ailələri ziyarət olunub.